İbrahimoviç ABŞ-da möhtəşəm qolla debüt etdi - VİDEO
ABŞ-ın "Los Anceles Qalaksi" komandası MLS-in 4-cü turunda "Los Anceles" üzərində qələbə qazanıb. Fanat.Az xəbər verir ki, Karson şəhərinin "StubHub Center" stadionunda keçirilən matç ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın birinci hissəsində qonaqların hücumçusu Karlos Vela dubl edib. Meydan sahiblərinin müdafiəçisi Deniel Stirsin 48-ci dəqiqədə avtoqolundan sonra qonaqların üstünlüyü üç topa çatıb.
"Los Anceles Qalaksi" yarımmüdafiəçi Sebastyan Lletqetin 61-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi azaldıb. İkinci hissənin ortalarında xavbek Kris Pontius fərqi minimuma endirib. Forvard Zlatan İbrahimoviç 77-ci dəqiqədə komandada keçirdiyi debüt oyununda baxımlı qolla hesabı 3-3 edib, artırma dəqiqələrində isə komandasına qələbə qazandıran topu vurub.
Dörd matçdan sonra "Los Anceles Qalaksi" Qərb konfederasiyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Los Anceles" dördüncüdü.