Karlo Ançelottinin karyerasının həlledici anlarından biri onun Roman Abramoviçin "Çelsi"sinə baş məşqçi təyin olunması idi. "Zadəganlar"la iki mövsüm ardıcıl (2004-05, 2005-06) İngiltərə çempionluğu yaşamasına baxmayaraq, Joze Mourinyu 2007-ci ilin sentyabrında klubdan ayrıldı. Növbəti iki mövsüm ərzində professional mühitdə kifayət qədər yaxşı reputasiya malik məşqçilər şanslarını "Çelsi"də yoxladılar. Nə Avram Qrant, nə Luis Felipe Skolari mövsümün sonunu görə bildi. Federasiya Kubokunun qalibi olmasına və azarkeşlər arasında populyarlıq qazanmasına baxmayaraq, Rusiya millisi qarşısında öhdəçiliyi olan Quus Hiddink də davamlı olmadı. Ançelottinin təhvil aldığı heyətin əksəriyyəti hələ də Joze Mourinyuya sadiq idi. Bəlkə də, Ançelotti ilə müqayisədə, özündən daha az əmin olan biri klubu özününkü etmək üçün hər şeyi dəyişdirərdi və ya Mourinyu müqayisələrinə son qoymaq naminə Joze "fanatları" ilə yollarını ayırardı. Bir digər ehtimal: ilk gündən etibarən futbolçularla arasına məsafə qoyardı. Ançelotti isə tamamilə fərqli yola üstünlük verdi. İtaliyalı çalışdırıcı futbolçulara yaxınlaşmaq, onların arasına girmək niyyətində idi. O, komandasını həm professional olaraq, həm də insani baxımdan yaxından tanımaq istəyirdi.
Ançelotti: "Bu tip münasibətləri yaratmaq asan deyil, ancaq vacibdi. Nə yuxarıda, nə də aşağıda - futbolçularla eyni səviyyədə olduğumu göstərməliydim. Mən oyunçuları real problemləri olan insanlar kimi görürəm və düşünürəm ki, yaxşı nəticə qazanmaq üçün ən yaxşı yol onlarla yaxşı münasibət yaratmaqdı".
8 ay sonra "Çelsi" İngiltərə Premyer Liqasının qalibi oldu.
Onlar da insandılar
Ançelotti yaxşı nöqtəyə toxundu. Futbolçulara sadəcə mülk kimi baxmaq olmaz, onlar insandılar. İnsanların emosiyaları, prioritetləri, inancları, perspektivləri, ehtiyacları və qorxuları olur. Sadəcə, bunu aşkara çıxarmaq ciddi iş tələb edir. Onlarla bunun üzərində çalışmaq isə tamamilə başqa bir şeydi.
Nümunə kimi "Milan"ı götürək. Daim yaxşı səviyyədə oynayan futbolçulardan birinin oyununda düşüş müşahidə olunurmuş. Ortada açıq bir səbəb olmasa da, Ançelotti adını açıqlamaq istəmədiyi oyunçusunun həyatında nələrinsə qaydasında getmədiyini bilirmiş.
Karlo: "Bir gün mənə yaxınlaşdı və dedi: "Problemim var". Sən demə, bir qızla evlənmək ərəfəsində imiş, ancaq bunu istəmirmiş. Bu barədə danışdıq və sonda ona dedim ki, hiss etdiyin kimi hərəkət et. Yaxşı ki, məsələni mənə danışdı. Sonda həmin xanımla evlənmədi. Biz onunla hələ də dostuq".
Ançelotti oyunçuları üçün əlçatan olmağa çalışırdı və bu, onda alınırdı. Verilən məsləhətlər və faydalı olmaq həmişə fərq yaradır.
Ançelotti hər oyunçusuna fərdi yanaşır və onların istəklərinə hörmət edir: "İnsanlar bir-birlərindən fərqlənirlər. Con Terri hər şeyi açıq danışmağı sevir. Frenk Lempard və Eşli Koul isə daha mühafizəkar və sakit insanlardılar. Frenklə münasibətlərim işin gedişində inkişaf etdi. Başlanğıcda daha çox mühafizəkar olsa da, sonda əlaqələrimiz yaxşıya doğru dəyişdi.
Klubdakı dönəmimin sonunda onunla görüşüb, birlikdə yemək yedik, əyləndik, yaxşı zaman keçirdik".
Futbol qazanı
Siyasət, biznes dünyası və ya idman, fərq etmir, liderlər üçün ən böyük meydan oxuma münasibətlərdi. Onları qurmaq, saxlamaq, inkişaf etdirmək... - liderlərin ən çox zamanını alan şey insanlarla əlaqələrin formalaşdırılmasıdı. Bu mənada futbolun digər sahələrdən əsas fərqi münasibətlərin ictimaiyyətə açıq formada olmasıdı. Joze Mourinyu və Kriştianu Ronaldu arasında futbolçunun müqaviləsi ilə bağlı söhbət beynəlxaq xəbərlərə mövzu olmuşdu. Karlos Tevesin Almaniyada Robeto Mançininin göstərişini rədd edərək, isinməkdən imtina etməsini Sinqapurda qəzetlər başlıqlarına çıxarmışdılar. Aleks Ferqyuson 2000-ci ildə "Lids"lə önəmli matç ərəfəsində, cümə günü keçirilən məşqi qaçıran Devid Bekhemin adını heyətdən uzaqlaşdırmışdı. "O dönəm Devidin ətrafında formalaşan saxta atmosfer qərarımın dram kimi təqdim olunması ilə nəticələnmişdi" - Ser avtobioqrafiyasında hadisəni belə təsvir edir. Hamının gözü qarşısında əlaqələri inkişaf etdirmək çətindi.
Ançelottiyə görə, münasibətlərin davamlı olması üçün məşqçinin klubun dəstəyini arxasına alması önəmlidi: "Çox çətindi. Bəzən oyunçu məşqçiyə problemlər yaradır. Əgər o, çalışdırıcının istəklərini anlamaq istəmirsə, elit səviyyədə oynamağı haqq etmədiyini də bilməlidi. Biz - məşqçilərin futbolçularını komandadan kənarlaşdırmaq kimi haqqı var. Ancaq bu cür ağır qərarları qəbul edərkən rəhbərlik arxanızda olmalıdı. Əks halda, ölüdən bir fərqiniz yoxdu. Səhv etdiyiniz təqdirdə belə, rəhbərlik sizi dəstəkləyirsə, deməli, son günə qədər "bir nömrə" sizsiniz. Futbolçular prezident və ya rəhbərliklə münasibətlərin yaxşı olmadığını dərhal anlayırlar. O zaman onların soyunub-geyinmə otağında ağalıq etməsi asanlaşır. "Yuventus"dakı dönəmimdən nümunə çəkə bilərəm. Orada həqiqətən də "bir nömrə" olduğumu hiss edirdim və klubun mənə olan inancı tam idi. Sonda məni qovdular, çünki mən yaxşı deyildim. Bu, normal haldı. Ancaq son günə qədər problem yaşamadığımı deyə bilərəm. Oyunçular da bunun fərqində idilər. Vəziyyət ağır olanda münasibətləri yaxşı saxlamaq önəmlidi".
Rəhbərliyin hərəkətləri və açıqlamaları liderin üzərindəki təzyiqi həm azalda bilər, həm də artıra. Hər dayanıqlı lider buna hazır olmalıdı. Hər qərarın ictimai formada müzakirə olunduğu bir mühitdə rəhbərliyin dəstəyini hiss etmək məşqçilərə oyunçularla birə-bir münasibətləri formalaşdırmaq üçün güclü platforma yaradır.
Mənbə: "The Manager" kitabı
Hazırladı: Rüfət Məcid