1987-ci ilin 10 mayı, bazar günü. Neapol partiyə hazırlaşırdı. Şəhərin futbol komandası tarixinin ən önəmli gününü yaşamaq üzrə idi. Qatar şəhərə yaxınlaşırdı. Günəşli, gözəl hava var idi. Mənimlə eyni vaqonda olan amerikalılar pəncərədən mavi bannerlər, bayraqlar, şərflər və digər atributlara bürünən şəhərə tamaşa edirdilər. Xanım həyat yoldaşına dedi: "Deyəsən, nəsə önəmli hadisə baş verir".
Öz-özümə gülümsədim və düşündüm: yəqin ki, sonuncu dəfə müttəfiq qoşunları alman işğalına qarşı dörd günlük üsyanın ardından dağıntılar altında qalmış şəhəri, ac və susuz sakinləri xilas etmək üçün Neapola daxil olanda buradakı insanlar bu qədər sevinmişdilər. Mövsümün sondan bir öncəki turunda turnir cədvəlinə başçılıq edən, ən yaxın rəqibi "İnter"i 3 xal qabaqlayan "Napoli" "Fiorentina"nı qəbul edirdi. Qələbə əlavə 2 xal (indiki günlərdən fərqli olaraq) anlamına gəlirdi. Bu sistem 1994-95 mövsümündən etibarən dəyişdirildi. Qısası, "Napoli" günorta saatlarında çempionluğu bayram edə bilərdi. Hərçənd bəzi mövhumatçı neapollular qismətə təsir göstərə biləcəklərinə inanaraq, yaşayış mənzillərinin terraslarından, balkonlardan üzərində "Napoli, Campioni d'Italia" yazılmış bayraqlar asmışdılar.
Tıxac xaosu, məskunlaşma probleməri, işsizlik, hər şeydən də önəmlisi - yerli mafiya Kamorra ətrafında cərəyan edən cinayətlər... - Neapol adına bunlar kimi, heç də yaxşı olmayan səbəblərdən tez-tez qəzet başlıqlarında rast gələ bilərdiniz. Bu səfər isə mövzu fərqli idi. "Napoli" neapolluların təxminən 60 ildi ki, həsrətində olduqları titulu - ilk skudettosunu qazanmağa yaxın idi.
Bütün bunlar bir insan sayəsində mümkün olmuşdu. Dieaqo Armando Maradonanın hesabına "Napoli" İtaliya çempionatının üst sıralarında doğru irəliləyirdi. Argentinalının inanılmaz dərəcədə dahiliyi, zaman-zaman komanda yoldaşları ilə birlik olması, bəzən isə fərdi şəkildə ön plana çıxması, futbol zəkası... - üç il ərzində "Napoli" enmə zolağında mübarizə aparan komandadan çempionluğa iddialı komandaya çevrilmişdi.
"Napoli" azarkeşləri işlərini şansa buraxmaq istəmirdilər. Neapol mətbuatında özünə geniş şəkildə yer tapan hekayələrdən biri balıqsatanın köməkçisi Cuzeppe ilə bağlı idi. Görünür, o, yaxınlaşmaqda olan titul mübarizəsini önəmsəməyən azsaylı sakinlərdən biri imiş. Yazılanlara görə, "Fiorentina" ilə görüş ərəfəsində iş yerinin sahibi Cuzeppedən işə normal geyimdə yox, Dieqo Maradonaya məxsus, 10 nömrəli formada gəlməsini tələb edir. O isə tələbi geri çevirir. Nəticədə işçisinin Maradona və "Napoli"yə hörmət etmədiyini əsas gətirən boss özündən çıxır və müzakirənin sonu Cuzeppenin qovulması ilə nəticələnir. Üç gün sonra aciz Cuzeppe məkan sahibinə yaxınlaşıb, işə qaytarılmasını xahiş edir. Boss onun qarşısına iki şərt qoyur və deyir ki, bunlar yerinə yetirildiyi təqdirdə işə qayıda bilər: 1) 10 nömrəli formanı geyməlidi; 2) "Ho Visto Maradona" mahnısını (mahhnıda Maradona və Peleni müqayisə olunur) oxumalıdı.
Sonda balıqsatan və digər neapolluların narahatlığına əsas olmadığı ortaya çıxır. İlk hissənin ortalarında Andrea Karnevale Bruno Cordano ilə divar pası oynadıqdan sonra "Fiorentina"nın qapısına yol tapır. 11 dəqiqə sonra gələn və Roberto Bacconun müəllifi olduğu qol (A Seriyasında ilk qolunu vurmuşdu) da "Napoli" azarkeşlərinin çempionluq sevincinin ürəklərində qalmasına mane ola bilmir. Bu ərəfələrdə "San Paolo" stadionundakı 82 minlik kütləyə "Napoli"nin əsas rəqibi "İnter"in çempionatda qalmaq uğrunda mübarizə aparan "Atalanta" ilə oyunda 0:1 hesabı ilə geridə olduğuna dair məlumat çatdırılır.
Hesablar sona qədər dəyişməsə, "Napoli" "Fiorentina"ya uduzacağı təqdirdə belə, tituluna qovuşacaqdı. "Fiorentina" səfərdə qazanılacaq heç-heçəyə razı olduğundan, bitməz bilməyən, darıxdırıcı ikinci hissədə "barışıq" elan edir. Bu durğunluğu yaxınlıqdakı püskürmə poza bilir. Yox, Vezuvi dağından səs gəlmirdi, söhbət xoşbəxt "Napoli" fanatlarından gedir.
Nəhayət, final fiti səslənir. 1:1 hesablı heç-heçə "Napoli"nin çempionluğu bayram etməsi üçün yetərli olur.
Oyundan sonra "San Paolo"dakı çoxsaylı media nümayəndələri sadəcə bir sözün, önəm kəsb edəcək sitatın axtarışında idilər. Adəti üzrə Dieqo yenə bizi gözlədirdi. Nəhayət, matçın bitməsindən iki saat sonra, soyunub-geyinmə otağındakı şənliklərdən sonra Maradona qarşımıza çıxdı:
"Mənim üçün bu titul dünya çempionluğundan daha önəmlidi. Tokioda azyaşlılar arasında, ötən il Meksikada isə böyüklər arasında dünya çempionatlarının qalibi olmuşam. Ancaq hər iki situasiyada yalnız idim, yanımda dostlarım yox idi. Burada isə ailəm və Neapol şəhəri mənimlədi. Mən özümü Neapolun oğlu hesab edirəm".
Paddi Aqnyu - "Forza Italia"
Hazırladı: Rüfət Məcid