Nadir hallarda inamla kiminsə həyatınızı dəyişdiyini deyirsiz. Ancaq mənim nümunəmdə elə biri var: Joze Mourinyu. Onunla tanış olduqdan qısa müddət sonra unikal biri olduğunu anlamışdım. Şəxsiyyəti, ambisiyaları və başqalarına inam aşılamaq bacarığı onu fərqləndirirdi. Bəzən insanlar onu "xüsusi” adlandırmaqla lağa qoyurlar. Mən buna qarşıyam. Futboldakı qısa karyerası ərzində əldə etdiklərini bir nəzərdən keçirin…
Hamı kimi, mən də onun "Çelsi”nin baş məşqçisi qismində təqdimat mərasimini televizordan izləmişdim. Mourinyu həyatımıza girəndə Co Koul, Terri və Briclə birlikdə Mançesterdəki oteldə idik. Avro-2004-ə hazırlaşırdıq. "Stemford Bric”dəki mətbuat konfransında dediklərini eşidəndə məndə təkəbbürlü və özünə arxayın imici yaratmışdı. Ancaq belə birinin dediklərini və hərəkətlərini dəstəkləyən titulları varsa, o zaman mənim üçün problem yoxdu.
Sonradan anladım ki, mənim başımı gicəlləndirən şey nə Çempionlar Liqasıdı, nə UEFA Kuboku, nə də Portuqaliya çempionluğu. Onunla görüşdükdən sonra fərqli biri olduğunu anlamışdım. 2004-cü ilin yayında iki dəfə Mourinyu ilə danışmaq imkanım olmuşdu. İstəklərinin fərqində olan və onlara necə çatacağını bilən biri olduğu mövzusunda məni inandırmışdı.
Hədə-qorxu gələn biri kimi görünə bilər, ancaq həm də insanı sakitləşdirən şarma sahibdi. Həmin ilin iyulunda ABŞ-dakı yeni mövsüm hazırlıqları çərçivəsində onu anlamağa başladım. Çeşidlilik baxımından seçilən məşqlər əyləncəli idi. İstiqanlı olması uşaqların da rahatlığına səbəb olurdu. Yenə də məşqdən sonra baş verəcək hadisəyə hazır deyildim.
Duşa ən son mən girmişdim. Çıxmaq istəyəndə qarşımda məşqçini gördüm. Bir anlıq ətrafa sükunət çökdü. Onun kənara çəkilməyini gözləyirdim, ancaq Joze gözlərimin içinə baxırdı. Onda başa düşdüm ki, nəsə demək istəyir:
- Boss?
- Sən dünyanın ən yaxşı futbolçususan.
Bir az karıxdım. Hə, bir də tamamilə çılpaq idim. O isə daha da inandırıcı şəkildə təkrarladı: "Sən dünyanın ən yaxşı futbolçususan”.
Ehmallıca ona təşəkkürümü bildirdim. Özümə olan inamımı qaldırmaq üçünmü demişdi, yoxsa, həqiqətən də, belə düşünürdü? – tərəddüd içində idim. Anlaşılmazlıq olduğunu anladı və sözlərinə aydınlıq gətirməyə çalışdı: "Qulaq as, bir il əvvəl də Deku fantastik futbolçu idi, ancaq indi adı Avropada "ilin ən yaxşı futbolçusu” mükafatını almağa namizədlər sırasında göstərilir. Niyə belə olduğunu deyə bilərsən? Qoy, mən deyim sənə. Dediyim kimi, bir il əvvəl də o, aşağı-yuxarı eyni futbolçu idi. Sadəcə, sonra "Portu”nun heyətində Çempionlar Liqasının və Portuqaliya çempionatının qalibi oldu və ən yaxşılardan biri olduğunu sübuta yetirdi. Sən Zidan, Vieyra və Deku qədər yaxşı futbolçusan. Tək ehtiyacın olan şey titul qazanmaqdı. Sən dünyanın ən yaxşı futbolçususan, ancaq indi bunu isbat etmək üçün kuboklar qazanmalısan. Məni başa düşdün?”
Nə demək istədiyini bilirdim, ancaq yenə də utanmışdım. Duşdan uzaqlaşıb, söhbəti elə oradaca bitirmək istəyirdim. O, məni birdən-birə başqa səviyyəyə qaldırmışdı və anidən coşmuşdum. Günün geri qalan hissəsində sanki buludların üzərində gəzirdim. Anama zəng etdim və ona Mourinyunun mənə dediklərindən bəhs etdim.
Anam laqeyd halda cavab verdi: "Hə, mən, onsuz da, sənin dünyanın ən yaxşı futbolçusu olduğunu bilirdim”.
Növbəti bir neçə gün ərzində dayanmadan öz üzərimdə çalışırdım. Ötürmələr, zərbələr, hətta baş zərbələri... – məndə hər şey yaxşı alınırdı. Sonra şənbə günü Sietldə yeni məşqçinin rəhbərliyi altında ilk matçımıza çıxdıq. Rəqib "Seltik” idi. Şəhər son 53 ilin ən isti yayını keçirirdi. Mən ikinci hissədə meydana çıxmağa hazır olanda temperatur 40 dərəcə həndəvərində dəyişirdi. Eybi yox, "dünyanın ən yaxşı futbolçusu” üçün problem yoxdu. Ancaq işlər qaydasında getmədi. Həmin gün bərbad idim. Ötürmələri qaçırırdım, müdaxilələrin zamanlamasını tutuzdura bilmirdim və özümü lırt hiss edirdim. Üz-gözüm büzüşmüş halda meydanı tərk etdim. Məşqçinin sifətinə baxmağa üzüm yox idi. Necə baxa bilərdim ki? O, məni "dünyanın ən yaxşısı” adlandırmışdı, mən isə 45 dəqiqə ərzində Çempionlar Liqasını bir kənara qoyaq, "Sunday” liqası səviyyəsində oynamışdım. O gün mənə bir kəlmə belə demədi. Üstündən bir il keçmişdi. Bu səfər mövsümöncəsi hazırlıq prosesi üçün Nyu-Yorkda idik. Məşq zamanı mənə yaxınlaşdı və həmin günü xatırlatdı:
- Lemps, ötən yay Sietldə "Seltik”lə oynadığımız matçı xatırlayırsan?
- Aha, bərbad idim, hə?
- Hə, özündən 3 m. uzağa belə, ötürmə verə bilmirdin.
Gülümsədik və əlini çiynimə qoydu. Mourinyu bizə komanda ruhunu və birlik olmağı aşılamışdı. Hər dəfə başqaları məndən Jozenin sirrini soruşanda həm də qəpiklə ödəniş etsəydilər, bəlkə də, indi onun özündən sualın cavabını soruşacaq qədər pulum var idi. Deyə biləcəyim tək bir şey var: insanların bir arada çalışma formasını, arzularını və istəklərini intuitiv formada anlaya bilir və enerjini qələbə formuluna çevirirdi. Böyük bir şey etməmişdi, heç hər şeyi bir anda qızıla döndərən Mourinyu sehrindən də söhbət gedə bilməz. Əksinə, kiçik detalları hesaba qatıb, fərq yaradırdı”.
"Totally Frank” – Frenk Lempardın bioqrafiyası
Hazırladı: Rüfət Məcid