Braziliya millisi yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Cənubi amerikalılar Afrika təmsilçisi Seneqalla üz-üzə gəlib. Sinqapur Milli Stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə Braziliya millisindən Roberto Firmino açıb. Seneqallı Famara Diedyu 45+1-ci dəqiqədə penalti qolu ilə bərabərliyi təmin edib.
Bu oyun Braziliyanın futbolçusu Neymar üçün əlamətdar olub. Belə ki, 27 yaşlı hücumçu yığmada 100-cü matçını keçirib. O, bu göstərici ilə Türkiyə "Başakşəhər"inin futbolçusu Robinyo ilə millidəki oyunlarının sayını bərabərləşdirib.
Braziliya yığmasının formasını ən çox "Milan"ın sabiq müdafiəçisi Kafu geyinib - 142. Roberto Karlos 125, "San-Paulu”da çıxış edən Dani Alveş isə 117 dəfə meydanda olub.
Qeyd edək ki, Neymar 2010-cu ildən Braziliya yığmasına dəvət alır. O, iki dəfə dünya çempionatında və eyni sayda Amerika Kubokunda iştirak edib.
Fanat.Az