Henri Onyekurunu "Monako"dan mövsümün sonunadək icarəyə götürən "Qalatasaray" heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul klubu "Leypsiq"in müdafiəçisi Marselo Saraççini icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Uruqvaylı sol cinah müdafiəçisi ilə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb. "Qalatasaray" buna görə "Leypsiq"ə 500 min avro ödəyəcək.
Klub futbolçunun maaşını da açıqlayıb. Anlaşmaya əsasən, Marselo Saraççi bu mövsümün qalan hissəsi üçün 700 min avro, 2020/21 mövsümü üçün 1 milyon 350 min avro maaş alacaq.
Qeyd edək ki, Marselo Saraççi 2018-ci ilin yayında Argentinanın "River Pleyt" klubundan "Leypsiq"ə 12 milyon avroya transfer olunub. 21 yaşlı müdafiəçi cari mövsümdə 7 rəsmi oyuna çıxaraq, 356 dəqiqə oynayıb və 1 qol vurub. O, ötən ildən dəvət aldığı Uruqvayın əsas millisində 4 oyun keçirib.
Fanat.Az