Xəbər verdiyimiz kimi, millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın "Tobol" klubu yeni mövsümün təlim-məşq toplanışına start verib.
Toplanış üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanan Kostanay təmsilçisinin 26 nəfərlik heyətində Emil Balayevin də adı olub. O, toplanışa qatılacaq 4 qapıçıdan biri idi.
Baş məşqçi Qriqori Babayanın rəhbərliyi altında məşqlərə başlayan komandanın hazırlığından paylaşılan fotolarda 3 qapıçının məşq etdiyi əks olunub. Ancaq onların hansınınsa Emil olduğunu aydınlaşdıra bilmədik. Elə bunu dəqiqləşdirmək üçün "Tobol"un mətbuat xidməti ilə əlaqə saxladıq.
Klubun mətbuat katibi Anton Lısyak Sport7.az-a açıqlamasında bildirib ki, Emil Balayev komanda hazırlığa başlayanda düşərgəyə gəlib. Lakin gənc qapıçı zədəli olduğu üçün Türkiyəyə qayıtmağı məsləhət görülüb. Emil qardaş ölkədə reabilitasiya keçəcək.
"Tobol"a baş məşqçi olaraq təyin olunan erməni mütəxəssis Qriqori Babayanın Emillə çalışmaq istəyib-istəmədiyi barədə sualımıza isə klub rəsmisi cavab verməkdən yayındı.
Qeyd edək ki, Qazaxıstan mətbuatında Emil Balayevin "Tobol"dan ayrılacağına dair xəbərlər yayılıb.
Xatırladaq ki, "Tobol"un BƏƏ toplanışı yanvarın 27-dək davam edəcək. Komandanın bu müddətdə bir neçə yoxlama görüşü keçirməsi planlaşdırılır.
Röya