PSJ 11 martda Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində Dortmund "Borussiya"sı ilə oynanılacaq matça hazırlaşır.
Fanat.Az xəbər verir ki, PSJ oyunun boş tribunalar önündə keçirilməməsi üçün yerli prefekturanı razı salmağa çalışır. Bu səbəbdən Paris təmsilçisi "Park de Prens" stadionunun tamamilə dezinfeksiya olunması üçün yerli şirkətlərdən biri ilə əməkdaşlığa başlayıb.
Son məlumatlara görə, hətta stadionun pilləkənləri, pandusları, eskalatorları və tutacaqları da təmizlənib. PSJ bu yolla yerli hakimiyyət orqanlarını razı salacağına ümid edir. Amma istənilən halda, koronavirusun geniş yayıldığı Uaza bölgəsində yaşayanların stadiona girişinə məhdudiyyət qoyulacaq.
Fransanın İdman Nazirliyi PSJ - "Borussiya" oyununun azarkeşlərsiz keçirilməsini təklif edib.
Komandalar arasında oynanılan ilk matçdan "Borussiya" 2:1 hesabı ilə qalib ayrılmışdı.
Qeyd edək ki, Fransada 1 209 nəfər koronavirusa yoluxub. İnfeksiyadan dünyasını dəyişənlərin sayı isə 19-du.
Fanat.Az