"Sivasspor”un yarımmüdafiəçisi Mert Hakan Yandaş "twitter” hesabında "oyuna davam, çünki, bizim bir ailəmiz yoxdu” yazıb.
Fanat.Az xəbər verir ki, Superliqanı dayandırmayan yerli futbol başbilənlərinə qarşı üsyan edən yalnız 26 yaşlı "Sivasspor”lu deyil.
"Antalyaspor”un təcrübəli yarımmüdafiəçisi Yekta Kurtuluş "azarkeşsiz davam qərarı verən böyüklərimizi bizimlə bərabər təyyarə ilə səyahət etməyə, məşqlərdən əvvəl bazalarda əl-ələ görüşməyə və oyunlardan öncə paltardəyişmə otağına dəvət edirəm” fikrini səsləndirib.
"Yeni Malatyaspor”un qapıçısı Fabien Farnollinin isə sosial media hesabında paylaşdığı etiraz belə olub: "Böyük bir riskdi. Xahiş edirəm bizdən və ailəmizdən danışın. Evdə qalın”.
"Ankaragücü”nün üzvü İlhan Parlak sosial şəbəkədə dünyaya hayqırıb: "İnsanlar evlərindən çıxmasın, hər kəs tədbirli olsun! Sabah mənim və bütün Türkiyədəki futbolçu dostlarımın məşqi var. Gecəniz xeyrə qalsın”.
Son derbidə öz meydanında "Beşiktaş”ı yenə bilməyən (0:0) "Qalatasaray”ın ulduz qapıçısı Fernando Muslera da çempionatın davam etdirilməsinə qarşıdı. O, bazar günü baş tutan derbinin ardından susmamağa qərar verib: "Utancverici bir gecə yaşadıq. Bizim canımız yoxdumu? Burda işləyənlər , futbolçular risk altındadı. Baş verənlər həm bizə, həm də bizi izləyənlərə qarşı hörmətsizlikdi. Bizim də ailəmiz var, biz də evdə qalmaq istəyirik”.
"Aslanlar”ın digər legioneri – kolumbiyalı forvard Radamel Falkao isə "instaqram” hesabında "bizim də ailəmiz var” yazmağı özünə borc bilib.
Fanat.Az