İsveç biatlonçusu – Olimpiya çempionu Sebastyan Samuelsson Şərqi Nyu-York məhkəməsinin FIFA barəsində qaldırdığı ittihamlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış idmançı "twitter” hesabında belə yazıb:
"Kimsə buna təəccübləndi?”
FIFA rəhbərliyinin Rusiya və Qətər nümayəndələrindən rüşvət aldığı iddia olunur.
İttiham hökmündə Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti və FIFA İcraiyyə Komitəsinin üzvü Rikardo Teyşeyra, o cümlədən qurumun sabiq vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının rəhbəri Nikolas Leosun 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsini dəstəkləmələri fonunda rüşvət aldıqları qeyd olunub. İttiham olunanlar sırasında FIFA-nın keçmiş vitse-prezidentlərindən Cek Uornerin də adı var. Onun toplam 5 milyon dollar rüşvət aldığı iddia edilir.
O vaxt FIFA-nın İcraiyyə Komitəsində təmsil olunan Rafael Salqueroya isə 2018-ci il mundialının ev sahibinin müəyyənləşməsi prosesində Rusiyaya səs verməsi qarşılığında 1 milyon dollar vəd edilib.
Qeyd edək ki, Rusiya və Qətər uyğun olaraq DÇ-2018 və DÇ-2022-nin ev sahibi adını 2010-cu il, 2 dekabr tarixində qazanmışdılar.
Fanat.Az