DÇ-2018-in təşkilat komitəsinin sabiq sədri Aleksey Sorokin Şərqi Nyu-York məhkəməsinin FİFA-nı korrupsiyada ittiham etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Sorokin ali futbol qurumunun Rusiya və Qətərdən külli miqadarda pul almasıyla bağlı iddiaları növbəti ləkələmə cəhdi adlandırıb:
"Bu ilk hücum deyil. Artıq orijinal cavab tapmağa da çətinlik çəkirəm. Min dəfə demişik, yenə təkrarlaya bilərəm. Araşdırmalar aparılıb, hər şey yoxlanılıb. Belə işlərə qarışmadığımızı dünyaya göstərmək üçün üzərimizə düşəni etmişik.
Ancaq kimin nə aldığına şərh vermək çətindi. Açığı, o adamların adı da yadımdan çıxıb. İnanın, bu gün də xatırlamaq üçün müəyyən qədər vaxt itirdim.
Özünüz düşünün, hansısa ölkədə kiminsə rüşvət aldığını fikirləşirlərsə, bura mundialın təşkilat komitəsinin nə aidiyyatı var? Komitənin adını çəkən olmayıb axı... Olsaydı, biz də başqa hüquq mexanizmlərindən yararlanmağa çalışardıq.
Hələ hər şey bir qədər abstrakt xarakter daşıyır. Belə deyim, nədən yapışacağımızı müəyyənləşdirməyə çətinlik çəkirik. FİFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü ona rüşvət təklif olunduğunu etiraf edib. Yetərincə ciddi məqamdı. Biz isə buna növbəti ləkələmə cəhdi kimi baxırıq”.
Fanat.Az