Davide Lorentso həmişə professional futbolçu olmağın xəyalını qurub. Amma illər keçdikcə yavaş-yavaş bu məsələdən əlini üzürmüş. Yaş 24, qocaldığını düşünürmüş. Bu arada, qəhrəmanımızı adi biri bilməyin. O, "Yuventus"un aşağı yaş qruplarında oynayıb. Sonradan xəyallarının ardınca doğma İtaliyanı tərk edib. Ardıcıl olaraq Norveç, Malta, İsveç və ABŞ-a üz tutub. Amma, sən demə, Lorentsonun ən böyük şansı Fransanın cənubunda - Nis şəhərində onu gözləyirmiş.
Nyu-Yorkda həvəskar klublar ona sınaq şansı tanıyıblar. Müddətin tamamında Lorentso sevgilisi ilə birlikdə Nisdə məskunlaşmalı olub. Günlük xərclərini təmin etmək üçün məşhur restoranlardan birində ofisiant kimi çalışmağa başlayıb. Nəticədə bir ildən artıq müddət futboldan uzaq düşüb. Cütlük iki il əvvəl Nisdə olanda Bastiliya günündə terror hadisəsinə şahidlik etsə də, şans əsəri sağ qalmışdılar. Bu səfər şans fərqli formada onların qapısını döyüb. 2018-ci il, oktyabrın 1-də Lorentso "Lester Siti"nin sahibi Viçay Şrivaddhanaprabha ilə qarşılaşıb. O, başına gələnləri "Athletic" yazarı Rob Tannerlə bölüşüb. Ən yaxşısı, Lorentso hekayəsini özü danışsın:
"Onunla bağlı hər şeyi xatırlayıram. Bazar ertəsi idi, axşam saatları... Restoranda təxminən 10 adam olardı. Müdiriyyət önəmli müştərilərin gəldiyini və mənim başqa masalara xidmət etməli olduğumu dedi.
Cəmi 15 gün idi ki, orada çalışırdım və restorandakılardan heç kim mənim futbol dünyasındakı keçmişimdən xəbərdar deyildi. Düzü, hələ də futbolçu olmaq fikrini tam olaraq ağlımdan çıxarmamışdım. Ona görə də "Lester"in prezidentinin orada olduğunu eşidəndə digər masaların sifarişlərini bir kənara atdım.
O an başqa heç bir şey mənə maraqlı deyildi. Mənim üçün kiçik ümid işığı yanmışdı. Danışmaq üçün ona yaxınlaşdım. İçki sifarişini qəbul etdim və bir şüşə şampan gətirdim. Axşamın sonunda həmin şampanı özümlə evə aparacaqdım. Sağollaşanda ingiliscəmlə bağlı zarafatıma gülmüşdü, mən isə ona gənc yaşlarımda "Yuventus"da oynadığımı demişdim.
Əslində, masadakı 10 nəfərə (orada Viçayın oğlu, "Lester"in hazırkı sahibi - Ayyavatt da var imiş) xidmət edəndə danışmaq imkanımız olmuşdu. Məncə, həqiqətən də, professionallığa bu qədər can atmağımı və qətiyyətimi yüksək qiymətləndirirdi. Məndən yaşımı soruşdu. Futbol oynamaq üçün yaşlı olduğumu dedim. Cavabında 24 yaşın elə də çox olmadığını qeyd etdi və futbol karyeramı bərpa etmək fikrimdə olub-olmadığımı soruşdu. Ciddi olduğunu düşünmürdüm, çünki belə gücə sahib insanlar, adətən, etibarlı olmurlar. Ona bunun xəyalım olduğunu, həm də bir ildən çoxdu ki, topa toxunmadığım üçün özümü oynamağa hazır hesab etmədiyimi dedim.
İstəsəm, sınaq məşqinə çağrılacağımı dedi. Qohumu Cerridən mənimlə bağlı videoçarx hazırlamasını istədi - kluba göndərəcəkdilər. Sonra Cerri ilə birlikdə restoranı tərk etdik. Həmkarlarım mənə qəribə baxırdılar, çünki nə baş verdiyi haqqında heç bir fikirləri yox idi.
Mən özümü təqdim etdim, harada oynadığımı dedim, Cerri isə videoya çəkdi. Daha sonra onu Viçayın Lesterdəki köməkçisi Puçonqa göndərdi. Artıq mətbəxə getmək və digər masalara xidmət etmək barədə düşünmürdüm. 18 yaşımdan bəri xəyalını qurduğum şansı əldə etməyin xoşbəxtliyini yaşayırdım.
Viçay restoranı tərk edəndə müdirimə məni özü ilə aparacağını demişdi. Elə həmin axşam pasportumu istədi və artıq cümə axşamı Lesterdə idim".
Lorentso bir həftə yerli otellərdən birində qalıb. Sınaq müddətinin sonunda evə göndəriləcəyini düşünürmüş. Daha sonra ona fiziki formasını yaxşılaşdırana qədər şans verilib:
"Hamı məni yaxşı qarşıladı. Tailand heyəti, oyunçuların hamısı mənimlə əla rəftar edirdilər. Yadımdadı, Rikardu Pereyranın doğum günü idi və mən dərhal fransızca danışa bilən oyunçularla dostlaşdım. Onlar məni yeməyə dəvət etdilər. Düşünün, Yohan Benaluan, Nampali Mendi, Pereyra və Adrien Silva ilə eyni masada yemək yeyirdim".
Xüsusilə də Şinci Okazaki və Keleçi İheanaço ilə yaxşı əlaqələri formalaşıb. Həmçinin o, sosial medaida Ceymi Vardi - ona imzalı forma və şəkil bağışlamışdı -, Harri Maquayr və Denni Simpsonla fotolarını da paylaşmışdı.
Lorentso qaldığı yerdən davam edir:
"Həftənin sonunda Viçayla yenidən görüşdüm. İşlərin necə getdiyini soruşdu. İki məşq sessiyasından keçmişdim - biri əsas komanda ilə, digəri isə U-23-lə".
Tailandlı iş adamı daha sonra onu birlikdə "Everton" matçını izləməyə dəvət edib. Eyni zamanda, "Belvuar Drayv"dakı məşqlərinə davam edirmiş:
"Müqavilənin detallarını müzakirə etməmişdən əvvəl normal fiziki formamı bərpa edənə qədər qala biləcəyimi dedilər. Xoşbəxt idim, inana bilmirdim. "Lester Siti" "Yuventus" kimi imkanlara sahibdi. "Tülkülər" Avropanın top-komandalarından biridi və hər detala xüsusi diqqət ayırırlar.
Sıfırdan başlayıb təvazökar şəkildə çalışmağın nə demək olduğunu hamıya göstərmək üçün hər gündən faydalanmağa çalışırdım. Arada U-18-lərin məşqlərinə qoşulurdum. Hamıdan əvvəl məşqə gəlirdim - bəzən hətta səhər 06:30-da. Gənc komandanın məşqindən sonra, 17:00-18:00-da oranı tərk edirdim. Sadəcə hədəfimə çatmaq və Premyer Liqada oynamaq barədə düşünürdüm. Hər şey əla gedirdi".
Amma 27 oktyabrda bu səfər tale ondan üz döndərib. "Vest Hem"lə oyunun fasiləsində Lorentso dəhlizdə Viçayla qarşılaşıb. Matçdan sonraya görüş təyin ediblər:
"Oyundan sonra çox gözlədim. Onunla ən son danışan insanlardan biri də mən idim. Digər isə klubun futbol direktoru - Con Rudkin.
Liftə kimi onu müşayiət etdim. Müqaviləm haqda danışdıq. "Lester"dəki günlərim, saatlar və Tailand barədə söhbətləşdik. Bir gün məni ölkəsinə dəvət edəcəyini və orada futbol oynayacağımı dedi. Hədəflərindən biri Tailandda futbolu inkişaf etdirmək idi. Bir neçə dəqiqə sonra o, dünyasını dəyişdi".
Viçay Şrivaddhanaprabha bu ayın əvvəli 62 yaşını qeyd etməli idi. Onun helikopteri 2018-ci il, 27 oktyabr tarixində, "Vest Hem"lə görüşdən sonra stadion yaxınlığında qəzaya uğradı. Viçayla yanaşı, daha iki sərnişin və iki pilot dünyasını dəyişdi.
Lorentso: "Hamı üçün faciəvi an idi. Baş məşqçi Klod Püel və Kasper Şmaykelin təsirli çıxışlarını xatırlayıram. Dəhşət idi.
İndiyə kimi də ondan, ətrafındakı insanlardan çox şey öyrəndiyimi düşünürəm. Viçay mənim həyatımda həmişə çox önəmli nümunələrdən biri olaraq qalacaq. Mənim üçün o, təvazökarlığı və hörməti təmsil edir".
Ən böyük dəstəkçisini itirən Lorentso çətinə düşüb. U-23-ə və əsas komandaya fayda verməkdə çətinlik çəkməsinə baxmayaraq, ona qısamüddətli müqavilə təklif olunub. Bununla belə, davamlı məşq tələbləri tələfatsız ötüşməyib. Qasığından zədə alan Lorentso müalicə üçün Turinə göndərilib.
"Lester" müqaviləsi bitdikdən sonra onunla yolları ayırıb. 2019-cu ilin sonlarına yaxın Lorentsonun yolu İtaliya C Seriyasında çıxış edən "Viterbeze"yə düşüb. Komanda ilə birlikdə məşqlərdə iştirak edib.
Dekabrda Viçayın oğlu, "Lester"in hazırkı sahibi Ayyavattla görüşüb və Asiyada oynamaq ehtimalını müzakirə edib. Həmçinin Okazaki və onun agentinin köməkliyi nəticəsində bu ilin fevralında oynamaq üçün Yaponiyaya yola düşməli imiş. Lakin koronavirusun ortaya çıxması onun da planlarına təsirsiz ötüşməyib. Yekunda Nisə qayıtmalı olub.
Lorentso: "Mənim üçün unudulmaz təcrübə idi. Futbolun gözəl və çirkin tərəflərini gördüm. Çempionlarla məşq etmək imkanım oldu. Məşqə həmişə hamıdan əvvəl yollanırdım. Növbəti isim Yuri Tilemans olardı. Özünü işinə həsr edib. Tezdən idman zalında məşq edərdim və Brendan Rocers orada olardı. Mənimlə ispanca danışardı. Onunla yaxşı münasibətlərim var. Kolo Ture həmişə mənə qarşı hörmətlə yanaşıb. Orada çoxlu dostlar qazandım və hələ də onlarla dostluğumu inkişaf etdirməyə çalışıram. Hamısı əla insanlardı".
Lorentso belə imkanların 100-də 1 ələ düşdüyünü yaxşı bilir. Amma o, hələ də ümidini üzməyib: "Ümid edirəm, mənə inanacaq, şans tanıyacaq yeni birini tapa biləcəm və 100%-mi yenidən ortaya qoyacam. Çünki motivasiya mənim özəyimdi.
Hazırda dünyada baş verən hadisələr futboldan və hər şeydən önəmlidi. İndi sevgilimlə birlikdə Fransadayam və səbirlə yeni layihələr üçün zəng gözləyirəm".
Hazırladı: Rüfət Məcid (Fanat.Az üçün)

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol