"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker karantin dönəmində növbəti dəfə diqqət mərkəzinə düşüb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, Uoker gün ərzində üç dəfə özünütəcrid qaydalarını pozub. İlk olaraq, Uoker partidə iştirak etmək məqsədilə Prestberidəki (Çeşir) evini tərk edərək Roteremdə (Cənubi Yorkşir) yaşayan bacısının yanına gedib. Daha sonra o, Şeffilddə yaşayan valideynlərini ziyarət etmək üçün təxminən 20 km. məsafə qət edib. Ardınca 29 yaşlı futbolçu dostlarından biri ilə velosiped sürərkən yaxalanıb.
Mənbənin məlumatında qeyd olunub: "O, axmaqdı. Özünütəcridin nə olduğunu başa düşmək üçün neçə dəfə yaxalanmalıdı? Uoker digər insanlardan üstün deyil. Qaydalar hamıya aiddi. O, qaydalara əməl edən hər kəsə orta barmağını göstərir. Ümid edirəm ki, polis artıq Kayla qarşı ciddi tədbir görəcək".
Uoker haqqında çıxan xəbərlərə sərt reaksiya verib. İngilis oyunçu tvitter hesabında bu barədə paylaşım edib:
"Uzun müddətdir ki, susuram. Mən və ailəm haqqında çıxan son materialdan sonra artıq ictimai şəkildə fikirlərimi ifadə etməkdən başqa seçimim qalmayıb.
Son günlərdə həyatımın ən çətin periodlarından birini yaşayıram və buna görə məsuliyyət tam olaraq mənim üzərimə düşür. Baş verənlərə görə ailəm və uşaqlar əziyyət çəkməməlidi.
Çərşənbə günü Şeffildə getməyimlə bağlı yazılanlara gəlincə, mən bacımı təbrik etmək, ona hədiyyə vermək üçün ora yollanmışdım. Təbii ki, həm də güvəndiyim, etibar etdiyim bəzi insanlarla söhbətləşməyi planlaşdırırdım. Bacım məni sevdiyini, yanımda olduğunu göstərmək məqsədilə məni qucaqladı. Nə etməli idim? Bəlkə, həmin an onu itələməli idim, hə?
Daha sonra yemək üçün valideynlərimin evinə getdim. Son günlər onlar üçün də olduqca ağır keçir. Başıma gələnlərə görə onlar da əziyyət çəkirlər.
Valideynlərim və bacımın həyatının ictimailəşdirilməsi nə məna daşıyır? Onlar bunun üçün nə ediblər? Hər an kimsə tərəfindən izlənildiyimi hiss edirəm. Hətta evimdə belə, özümü təhlükəsiz hiss edə bilmirəm. Kim bunu haqq edir?"
Kayl Uoker karantin dönəminin əvvəllərində insanları evdə qalmağa və qaydalara əməl etməyə çağırmış, bir gün sonra isə özü fahişələrlə yaxalanmışdı.
Qeyd edək ki, İngiltərədə karantin qaydalarını pozan şəxslər min funt dəyərində cərimələnirlər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol