"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya"da baş məşqçisini dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Polşa klubu ölkə çempionatında evdə "Qurnik"ə 1:3 hesabı ilə məğlubiyyətdən sonra Aleksandar Vukoviçi istefaya göndərib. Onun əvəzinə Çeslav Mixneviç baş məşqçi təyin edilib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Çeslav Mixneviç 2017-ci ildən Polşanın U-21 millisinə başçılıq edir. Mütəxəssis müqaviləsinin müddəti başa çatacaq tarixədək - noyabra kimi yığmada da işinə davam edəcək.
"Legiya" Aleksandar Vukoviçin rəhbərliyi altında bu mövsüm ölkə çempionatında 4 oyundan ikisində uduzub. Bundan başqa, Varşava təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində "Omoniya"ya (Kipr) 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, "Legiya" Avropa Liqasının III təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaq.
Fanat.Az