Millətlər Liqasının qrup mərhələsində millimizin rəqibi olan Kipr yığması Çexiya ilə yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, rəqibinə 1:2 hesabı ilə uduzan Kiprin baş məşqçisi Yohan Valem matçdan sonra mətbuat konfransında çıxış edib.
Komandasının oyun baxımından inkişafda olduğunu söyləyən belçikalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsinin III turunun Lüksemburqla matçına da toxunub: "Oyunda futbolçularımdan istədiyimin daha çoxunu gördüm. 2 qol buraxmağımıza və uduzmağımıza baxmayaraq, yaxşı komandaya qarşı inamlı mübarizə apardıq. İstənilən çətinliyin öhdəsindən gəlməyə hazırıq. Lüksemburqla görüşdə mütləq fərqli komanda görəcəksiniz. Qısa vaxt kəsiyində 3 vacib oyunumuz var. Vaxtdan düzgün istifadə etməliyik. Bu qarşılaşmada favorit olduğumuzu düşünmürəm. Amma qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün xal və ya xallar qazanmağa çalışacağıq".
Qeyd edək ki, Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, 3 gün sonra isə Albaniyada Azərbaycanla qarşılaşacaq.
Fanat.Az