"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 4-cü turunda "Aston Villa"dan aldıqları 2:7 hesablı yenilgidən danışıb.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı BBC-yə müsahibəsində biabırçı darmadağından sonrakı gecəni yada salıb:
"O gecə həyatımın ən sıxıcı gecələrindən biri oldu. Ancaq səhər anladım ki, uşaqlarla danışmalıyam. Təbii ki, futbolçular yanımda deyildilər. Baş verənlərlə bağlı hərəsinə uzun bir mesaj yazdım, düşündüklərimi çatdırdım. Bundan sonra bir qədər yüngülləşdim. Ürəyimi boşaltdığım üçün içimdə müəyyən sakitlik yarandı. Uğursuzluqdan irəli gələn vəziyyətdən çıxmaq üçün vaxtımız var idi və bundan inamla istifadə etmək ən yaxşı çıxış yolu idi.
Hə, 2:7 hesabıyla uduzmaq sıradan hal sayıla bilməz. Ancaq bəzən belə pis təcrübələrdən də nəticə çıxarmaq çox önəmlidi. Məğlubiyyətin təsirindən qurtulduğumuzu şənbə günü - "Everton"la matçda göstərmək şansımız var".
Mersisayd derbisi statusu daşıyan "Everton" - "Liverpul" oyunu oktyabrın 17-də "Qudison Park"da keçiriləcək.
Fanat.Az