Mahir Emrelinin çıxış etdiyi “Legiya" baş məşqçi postunda Çeslav Mixneviçi əvəz edəcək Marek Qolebiyevskini ictimaiyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, Varşava klubunun bazasında media nümayəndələri ilə görüş təşkil olunub.
Klubun idman direktoru Radoslav Kuçarski məşqçi dəyişikliyinin səbəbini açıqlayıb və “Legiya”nın hazırkı vəziyyətini təhlil edib:
"Biz çıxış yolu axtarırdıq. Oyunçuları və məşqçini hər cür dəstəklə əhatə etməyə çalışdıq. Düşünürdüm ki, keçirdiyimiz son matç bizim üçün geridönüş olacaq. Əla vəziyyətlərimiz oldu, amma qol buraxandan sonra lazımi reaksiya görmədik. Belə qərar verdik ki, komandaya yeni stimul, yeni məşqçi heyəti, yeni enerji lazımdır".
“Legiya”nın idman direktoru yeni məşqçi seçiminə də toxunub: "Dünən Qolebiyevskiyə əsas komandaya rəhbərlik etməyi xahiş etdik. Ümid edirəm ki, onun biliyi və komandanı tanıması sayəsində mümkün qədər uzun müddət işləyə biləcəyik. Qolebiyevski bunadək əvəzedici heyətə rəhbərlik etdiyi üçün əsas komandaya da bələddir".
Qolebiyevski isə öz növbəsində "Legiya"nın baş məşqçisi kimi planları ilə bağlı sualları cavablandırıb:
“Legiya”nın formasının nə qədər ağır olduğunu hamı bilir, hamı qələbələr gözləyir. Nə üçün oynadığımızı bilirik. Heç kim asan təslim olmaq istəməz. Hər bir məşqçinin futbolçularla söhbətə ehtiyacı var. Amma burada nə deyiriksə deyək, ən önəmlisi meydançadır - sözümüzü orda deməliyik. Hər oyuna məsuliyyətlə yanaşacam. Bizim üçün ilk vacib iş cümə axşamı baş tutacaq oyundan qalib ayrılmaqdır, onu qazanmalıyıq.
Futbolçulara yeni ab-hava lazımdır. Bu gün məşq zamanı böyük istək və məsuliyyət gördüm. İnkişaf etməyin ən yaxşı yolu qalib gəlməkdir".
Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a 1:4 hesabı ilə uduzub.
Mirağa