"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Polşa "Legiya"sında çıxış edən Mahir Emrelidən danışıb.
Fanat.Az xəbər verir ki, "Visla Plotsk"un müdafiəçi "Weszlo" nəşrinə açıqlamasında sabiq komanda yoldaşının son zamanlar uğursuz çıxışını şərh edib:
"Mənə elə gəlir ki, o, "Legiya"nın bu mövsüm sərgilədiyi oyunun qurbanıdır. Çeslav Mixneviç baş məşqçi postundan azad ediləndən sonra klubdakı alkoqol qalmaqalı Emreliyə böyük təsir edib".
Xatırladaq ki, daha əvvəl Varşava təmsilçisinin keçmiş oyunçusu Voytsex Kovalçik Mahirin komanda yoldaşları ilə əyləncəli həyat tərzi sürdüyünü və spirtli içkidən istifadə etdiyini söyləmişdi.
Jezniçak bu məsələ ilə bağlı Emreli ilə söhbət etdiyini qeyd edib: "Mahir belə xəbərlərdən təsirlənib. Məlumatı eşidən kimi əmin oldum ki, o, həmin kompaniyada olmayıb. Hətta Emrelinin keçmiş həyat yoldaşımla fotosu da yayımlanmışdı. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm. Futbolçular tez-tez əyləncə məkanlarına gedirlər. Amma bu, o demək deyil ki, içki içirlər".
35 yaşlı müdafiəçi "Legiya"da çıxış edərkən bənzər hadisələrlə üzləşdiyini də açıqlayıb: "O vaxtlar bu məsələləri çox qabartmırdılar, çünki nəticələr yaxşı idi. Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər onun oyununda əks olunmasın".
Xatırladaq ki, Mahir Emreli "Legiya"ya mövsümün əvvəlində transfer olunub.