Bu gün Polşa Ekstraklassasında III turdan təxirə salınan oyuna çıxacaq "Legiya Varşava"da "sular durulmur".
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:30-da "Zaqlebye"ylə matça yeni baş məşqçi Aleksandr Vukoviçin rəhbərliyi altında çıxacaq paytaxt təmsilçisinin son məşqində bir neçə futbolçu, o cümlədən Azərbaycan millisinin üzvü Mahir Emreli iştirak etməyib.
Plotskdakı son görüşdən sonra zədədən şikayət edən Run Mattias Yohanssondan başqa, azarkeşlərin hücumuna məruz qalaraq xəstəxanalıq olan Lukinyos və Mahir bazada görünməyib.
Bu, Mahirin komandadan ayrılmaq istəyinin ciddiliyindən xəbər verir. Lukinyos artıq klub prezidenti Dariuş Mioduski ilə ultimatum diliylə danışmağa başlayıb. Yerli mətbuat onun "Qalatasaray"dan 2 milyon avroluq təklif aldığını iddia edir. Lukinyos prezidentə "məni "Qalatasaray"a burax, yoxsa şikayət edəcəyəm" mesajı göndərib. Çox güman, Mahir Emreli də məlum olaydan yararlanıb klubla müqaviləsinə xitam verilməsinə çalışacaq.
Qeyd edək ki, fanatlar "Visla Plotsk" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyosla birlikdə xəsarət alıb.
Mirağa