İngiltərənin "Midlsbro" klubunun həkimi mövsüm ərzində iki azarkeşin həyatını xilas edib.
Fanat.Az "Sports.ru"ya istinadən xəbər verir ki, “Blekbern” azarkeşlərindən biri “Midlsbro” ilə ev oyununda tribunada huşunu itirib.
Həmin şəxsin köməyinə qonaq komandanın həkimləri çatıb. Tom Pritçard və fizioterapevt Kris Mozli huşunu itirən yaşlı azarkeşi özünə gətirib, nəfəsalmasını bərpa ediblər.
Oyun təxminən 12 dəqiqə dayandırılıb. Bu ərəfədə "Midlsbro"nun həkimləri azarkeşin vəziyyətini stabil saxlamağa çalışıblar. Xəstə həyatı üçün təhlükə yaranmadan vaxtında klinikaya çatdırılıb.
Oxşar hadisə ötən ilin oktyabr ayında "Nyukasl"a qarşı keçirilən oyun zamanı da baş verib. Belə ki, tribunada olan "Midlsbro" azarkeşi infarkt keçirib. Pritçard yenə özünü vaxtında yetirib. Xoşbəxtlikdən həmin azarkeşin də vəziyyəti düzəlib.
Hər iki klubun rəhbərliyi "Midlsbro"ya və həkim Tom Pritçarda xüsusi minnətdarlıq bildiriblər.