Bu gün Qazaxıstanın Türküstan vilayətinin qubernatoru Umirzak Şukeyevlə “Turan” klubunun məşqçi və futbolçuları arasında görüş baş tutub.
Fanat.Az xəbər verir ki, görüş “Türküstan Arena” stadionunda baş tutub.
Rayon rəhbəri, azərbaycanlı gənc mütəxəssis Vaqif Cavadovun köməkçi-məşqçi kimi çalışdığı “Turan”na qarşıdakı mövsümdə uğurlar arzulayıb, yüksək nəticələrə ümid etdiyini bildirib.
“Futbol təkcə idman deyil, böyük siyasətdir. Komandalar azarkeşləri, bütün bölgəni birləşdirir. Ona görə də mən həmişə futbolçuları dəstəkləyirəm. Ötən il “Turan” ilk dəfə Premyer Liqada çıxış etdiyindən, qarşısına dərhal böyük məqsəd qoyulmamışdı. Birinci liqa ilə Premyer Liqa arasında fərq böyükdür. Ancaq uşaqlar əvvəlcə həvəssiz olsalar da, sonradan öyrənib Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirdilər.
Bu il “Turan” komandası yüksək yerlər uğrunda mübarizə aparmalıdır. Komandanın buna şansı var. Çünki təlim-məşq toplanışı uğurlu keçdi, yaxşı baş məşqçi və futbolçular gəldi. Keyfiyyətli stadionunuz, 2 milyondan çox azarkeşiniz var. Türküstan vilayətinin əhalisi sizdən qələbə gözləyir”, - deyə Umirzak Şukeyev bildirib.
“Turan”ın direktoru Aybek Tleujan rayonun başçısı Umirzak Şukeyevə yeni forma və top hədiyyə edib.
Qeyd edək ki, Vaqif Cavadov Vladimir Qazzayevin köməkçisi təyin olunub. Bundan başqa, "Qarabağ"dan ayrılan qapıçı Emil Balayevin də "Turan"da çıxış edəcəyi gözlənilir.
Mirağa