Ukrayna yığmasının və "Spetsiya" (İtaliya) klubunun yarımmüdafiəçisi Viktor Kovalenko vətənindəki müharibədən danışıb.
Fanat.Az xəbər verir ki, Kovalenko "La Gazzetta dello Sport"a müsahibəsində ailəsi və yaxınları ilə bağlı mövzuya da toxunub:
“Məndə dostlarımdan birinin şəkli qalıb. O, beş gün sığınacaqda gizlənib, sonra qaçmağa cəhd edib. Qardaşı və sevgilisi ilə birlikdə maşına minib. Birinci keçid məntəqəsində rus hərbçiləri maşını saxlayıb və hər üçünü öldürüblər. Hətta dəfn olunmaq üçün cəsədləri də qaytarılmayıb.
Xoşbəxtlikdən ailəmdə hər şey qaydasındadır. Amma hər şey ola bilər. Bu absurd müharibənin nə qədər davam edəcəyini bilmirik. Xerson işğal olunub, evimizdən 15 kilometr aralıya bombalar düşüb.
Ailəmi İtaliyaya aparım? İndi bu mümkün deyil - çox təhlükəlidir. İşğalçılar həmin ərazidə yoldan keçən maşın görsələr, dərhal atəş açır. Xersonu tərk etmək üçün üç keçid məntəqəsindən keçmək lazımdır.
Yaxşı ki, futbol var... Futbol mənə kömək edir. Heç olmasa, bir neçə saat fikrim dağılır. Ümid edirəm ki, Ukrayna ilə dünya çempionatının pley-off mərhələsində oynaya biləcəyəm. Bunun xüsusi əhəmiyyəti olacaq. "Spetsiya" mənə çox kömək edir, gözəl klubdur. Böyük bir ailə kimiyik. Mənim hazırda yeganə istəyim Xersonu tüfənglə müdafiə edən sıravi vətəndaşları qucaqlamaqdır!"
Emin