Ötən gecə Londonun Olimpiya Stadionunda "Vest Hem" və "Ayntraxt" arasında keçirilən Avropa Liqasının ilk yarımfinal matçında alman jurnalistlər hücuma məruz qalıb.
Fanat.Az xəbər verir ki, meydan sahibləri hücuma məruz qalan iki alman radio müxbirinə qarşı zorakılıq edənləri axtarır.
Alman regional radiostansiyası "Hessischer Rundfunk"da işləyən müxbirlər Filip Hofmayster və Tim Brokmayer matçın 21-ci dəqiqəsində "Vest Hem" bərabərlik qolunu vurduqdan sonra hücuma məruz qaldıqlarını iddia ediblər.
İngiltərə klubu hadisədən xəbərdar olduqlarını və hücum edənlərin kimliyini müəyyən etməyə çalışdıqlarını bildirib:
“Zorakılığa qarşı siyasətimizə uyğun olaraq, müəyyən edəcəyimiz insanların məlumatları polisə göndəriləcək. Onlara qeyri-müəyyən müddətə London Olimpiya Stadionuna daxil olmaq, eləcə də klubla səfərə çıxmaq qadağası qoyulacaq. Bu cür davranışa yer yoxdur".
Hücuma məruz qalan Hofmayster "Twitter"də özünü yaxşı hiss etdiyini yazıb və "Vest Hem" azarkeşlərinə uğur arzulayıb.
Mirağa