UEFA Rusiya klublarının və milli komandasının statusuna, habelə onların keçirdiyi yarışlarda iştirak məsələsinə baxmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə “Championat”a UEFA-dakı mənbə məlumat verib.
Mənbənin məlumatına görə, qərar gələn həftə veriləcək: “Növbəti mövsüm üçün təqvim hazırlamağa tələsən UEFA klubların və milli komandanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar verəcək. Hazırda iki variant nəzərdən keçirilir: bir mövsüm üçün dayandırma və ya daha əvvəl qəbul edilmiş növbəti bildirişə qədər dayandırmanın uzadılması. Bu o deməkdir ki, klublar növbəti mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək və bütün komandalar UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarda qalacaqlar”.
Xatırladaq ki, fevralın 28-də UEFA və FİFA Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıldığını elan edib.