Alman futbolunun əfsanələrindən olan Lotar Matteus "Bayern Münhen"in gənc ulduzu Camal Musiaların böyük istedada malik olduğunu bildirərək onu gələcək üçün yatırım hesab etdiyini deyib.
Fanat.Az xəbər verir ki, 61 yaşlı veteran futbolçu bu barədə Almaniyanın "Sky" telekanalına danışıb:
"19 yaşlı Camal Musialanın qeyri-adi istedadı var. O, klubun gələcəyidir və eyni zamanda inanılmaz dərəcədə populyar bir fiqurdur. Musiala oyunda fərq yarada və çoxlu qollar vura bilir.
Kimsə onu indi almaq istəsə, 150 milyon avro ödəməlidir. Amma o, qətiyyən satılmır".
"Transfermarkt" tərəfindən dəyəri 65 milyon avro olaraq qiymətləndirilən gənc hücumameyilli yarımmüdafiəçinin Münhen klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Musiala 2019-cu ildə "Çelsi"dən gələrək "Bayern Münhen"in gənclər komandasına qoşulub. Əvvəllər "Sauthempton"da da oynayan futbolçu ikili - Almaniya və İngiltərə vətəndaşlığına malikdir. O, bir müddət İngiltərənin aşağı yaş qruplarından ibarət millilərdə, o cümlədən U-21-də oynasa da, keçən il Almaniyanın əsas yığmasında çıxış etmək qərarına gəlib. Musiala "Bayern Münhen"in heyətində bu mövsümün ilk üç rəsmi oyununda dörd qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa