"Viktoriya" (Plzen) komandasının futbolçusu Lüdek Pernitsa Çexiyada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 32 yaşlı müdafiəçi kapitan Lukaş Heydanın cəza səbəbindən oynamamasının onlara problem yaradacağını bildirib:
"Düşünürəm ki, o, oynasa belə, bizə çətin olacaq. Təbii ki, kapitanın yoxluğu daha ciddi itkidir. Amma onun yerini doldura biləcək başqa keyfiyyətli oyunçularımız var.
Rəqibin hücumda çox yaxşı olduğunu gördük. Amma müdafiə xəttində zəif yerlər var. Bakıda qol vurmaq üçün şanslarımız oldu. Ev oyununda da standart vəziyyətlərin üzərində dayanacağıq. Bu, bizim əsas üstünlüyümüzdür".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.