Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları start götürəcək. Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" səfərdə Yunanıstanın "Olimpiakos" klubunun qonağı olacaq.
Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin Pireydəki matçdakı şanslarını dəyərləndirib.
"Düşünürəm ki, bugünkü matç "Qarabağ" üçün olduqca vacib oyundur. Fikrimcə, "Olimpiakos"la Bakıdakı cavab qarşılaşmasından sonra biz qrupda ikinci yeri təmin edəcəyik. Ümumiyyətlə turnirin nə dərəcədə ciddi olduğunu komandanın bütün üzvləri dərk edir. Bizi çox gərgin və maraqlı oyun gözləyir. "Qarabağ"dan gözləntilərimiz böyükdür. Təmsilçimiz bu gün Yunanıstanda öz ənənəvi oyununa sadiq qalaraq matçdan alnıaçıq çıxacaq.
Rəqib komandanın baş məşqçi dəyişikliyi Qurban Qurbanovu narahat edir? İstər-istəməz yeni çalışdırıcıdan nə gözləməli olduğunu bilmirsən. Çalışacaq ki, yeni komandası ilə Avropa Liqasının ilk oyunundan qalib ayrılsın. "Qarabağ"ın baş məşqçisi rəqib çalışdırıcının hansı oyun modelindən istifadə edəcəyini hələ bilmir. Düşünürəm ki, Qurbanov bunu nəzərdə tutaraq belə deyib.
Məsələ burasındadır ki, rəqibin kim olmasından asılı olmayaraq, "Qarabağ"ın bəlli oyun üslubu var. Bu dəsti-xətt uğurlara imza atmağa imkan verir.
"Qarabağ"a uğurlar arzu edirəm. Hamımızın ürəyi bu gün onlarla döyünəcək".
Emin Şəmsiyev