Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını harada davam etdirəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "La Repubblica" onun dediklərini belə çatdırıb:
"Gələcəyim barədə nəsə deməyə çətinlik çəkirəm. "Yuventus"da qalıb-qalmayacağımı bilmirəm... İndi klub karyeramı müzakirə etmək üçün uyğun vaxt deyil. Amma şübhəsiz ki, son oyunlardakı çıxışım mənə "Yuventus"la yeni müqavilə imzalamaq və ya hara lazımdırsa, ora keçmək imkanı yaradacaq".
Rabyonun Turin klubu ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. 2019-cu ildən "qoca sinyora"nın formasını geyinən fransız hələ də klubu ilə yeni anlaşma barədə razılığa gələ bilməyib. Bu isə o deməkdir ki, Adrien yanvarın 1-dən başqa klublarla danışıq aparmaq hüququna malik olacaq.