Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın hazırlıq planı müəyyənləşib.
Bu barədə Fanat.Az-a klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Ölkə çempionunun rusiyalı baş məşqçisi Yevgeni Kukseviç iyulun 25-də Bakıya dönəcək. Legionerlər də həmin gündən etibarən ayın 27-nə kimi düşərgəyə qayıdacaqlar. Naxçıvan təmsilçisi ayın 28-dən etibarən 12 günlük təlim-məşq toplanışına start verəcək və paytaxtdakı otellərdən birində məskunlaşacaq.
Yevgeni Kukseviç yetirmələrini 2 sınaq matçında iş başında görmək istəyir. Oyun günləri və rəqiblərin kimliyi hələ dəqiqləşməyib. Bununla belə, klub funksioneri Qazaxıstan və Gürcüstan komandaları ilə oynamağı planlaşdırdığını bildirib. Bu variant baş tutmasa, "Baku Fayr" və "Neftçi" İK ilə matç nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan çempionu ÇL-də yer aldığı F qrupunda "Ljuti" (Avstriya), PYF (Şotlandiya), və "Sparta" (Şimali İrlandiya) komandaları ilə üz-üzə gələcək. Matçlar avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Mirağa