"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibi bəlli olub.
Fanat.Az xəbər verir ki, ağdamlılar III təsnifat mərhələsində Norveçin "Molde” klubunu keçsə, "Ferensvaroş” (Macarıstan) - "Dinamo” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərarhahında baş tutan püşkatmada bəlli olub. Püşk sentyabrın 16-da keçiriləcək "Qarabağ” – "Molde” cütünün rəqibini də müəyyənləşdirib.
Pley-off mərhələsi əvvəlki raundlardan fərqli olaraq iki matçdan ibarət olacaq. Görüşlər sentyabrın 22-23 və 29-30-da baş tutacaq.
Çempionlar yolunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri pley-offa yüksəlsə, ilk oyununu evdə keçirəcək. "Qarabağ” – "Molde” cütündə məğlub olan komanda isə Avropa Liqasının pley-offunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Qarabağ” I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks”ini 4:0, II təsnifat mərhələsində Moldova "Şerif”ini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Fanat.Az