Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde” klubuna əsas vaxtı qolsuz bitən görüşün penaltilər seriyasında 5:6 hesabı ilə uduzan "Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 3-cü dəfə belə hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis Kiprdəki məğlubiyyətə qədər 2 dəfə Ağdam təmsilçisini oyunsonrası "lotereya”da izləyib.
Həmin matçlarda da futbolçularının dəqiqliyi Qurbanovu məyus edib. Hər iki görüş Azərbaycan kubokuna təsadüf edib.
2010/11 mövsümündə "Qarabağ”la "Turan” arasında matçda qolsuz heç-heçə qeydə alınıb. Tovuzlular penaltiləri daha dəqiq yerinə yetirib – 4:3.
2011/12 mövsümündə "Bakı”ya səfərdə 1:0 hesabı ilə qalib gələn "Qarabağ” öz meydanında eyni nəticəyə üzülüb. Penaltilər seriyasında bakılılar 5:4 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ” ümumilikdə Azərbaycan kubokunda 3 dəfə penaltilər seriyasında qüvvəsini sınayıb. "Lotereya”da "siftə”si qələbəylə yekunlaşan komandanın ilk belə sınağı 1999/2000 mövsümündə yaşanıb. Həmin vaxt ağdamlılar hər komandanın 1:0 hesablı qələbə qazandığı dueldə "Turan”ı məğlub edib – 5:4. (Apasport.az)
Fanat.Az