Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma eyni saatda start götürüb.
İtaliyanın "Yuventus" klubu Portuqaliyada "Portu" ilə qarşılaşıb. Qonaqların heyətində Xuan Kuadrado və Arturla yanaşı, Leonardo Bonucci və Paulo Dibala da zədəli olduqları üçün oynaya bilməyib. Meydan sahiblərindən isə Məhəmməd Mbaye və Nanu eyni səbəbdən matçı buraxıb. Erkən qol vuran meydan sahibləri fasilədən sonra da fərqlənməyi bacarıb. Çətin vəziyyətə düşən turinlilər sona yaxın qollardan birinin əvəzini çıxaraq ikinci oyunda vəziyyəti xeyrinə dəyişmək şansını qoruyub.
Gecənin digər görüşü İspaniyada baş tutub. Almaniyanın "Borussiya" (Dortmund) komandası Avropa Liqasının son qalibi "Sevilya"nın qonağı olub. Dortmund təmsilçisində Lukaş Pişşek və Dan-Aksel Zaqadu meydana çıxa bilməyib. La Liqa komandasında isə Markos Akunya və Lukas Okampos forma geyinməyib. 5 qolun qeydə alındığı matçda sevinən tərəf qonaqlar olub.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları martın 9-da keçiriləcək.
1/8 final mərhələsinin ilk oyun günündə Fransa PSJ-si səfərdə İspaniya "Barselona"sını 4:1, İngiltərə "Liverpul"u isə Almaniya "Leyptsiq"ini 2:0 hesabı ilə yenib.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
17 fevral
Portu - Yuventus 2:1
Qol: Taremi, 2; Mareqa, 46 - Kyeza, 82.
Sevilya - Borussiya (Dortmund) 1:3
Qollar: Suso,7; de Yonq, 84 - Dahud, 19; Holand, 27, 43.