Ötən gün Çempionlar Liqasının B qrupunda "Atletiko Madrid" öz meydanında "Liverpul"u qəbul edib və 2:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra ispanların baş məşqçisi Diyeqo Simeone rəqibin çalışdırıcısı Yürgen Kloppun əlini sıxmayıb.
"Marca"ya danışan mütəxəssis hərəkətinin səbəbini belə izah edib: "Mən heç vaxt oyundan sonra rəqib komandanın məşqçilərinin əlini sıxmıram. Bunun yaxşı hərəkət olduğunu düşünmürəm. Bu, mənim fikrimdir. Ona görə də bu mədəniyyəti göstərmirəm. Ancaq gələn dəfə Kloppu görəndə, yəqin ki, onun əlini sıxacam".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 3 noyabr tarixində Liverpul şəhərinin "Enfild" stadionunda keçiriləcək.
Xatırladaq ki, 3 turdan sonra 9 xal toplayan "Liverpul" ilk pillədə qərarlaşıb. 4 xala sahib "Atletiko Madrid" isə ikinci sıradadır.
Röya