Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus" səfərdə "Vilyarreal"ın qonağı olub.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri UEFA-nın saytına açıqlamasında 1:1 hesabı ilə başa çatan matçı dəyərləndirib:
"Buraxılan qolda kobud səhvə yol verdik. Rəqibin nə edəcəyini çox yaxşı bilirdik, amma yenə də qol buraxmağa icazə verdik. Bununla belə, ümumilikdə komanda yaxşı oyun keçirdi. Hücumda da bir sıra səhvlərə yol verdik, yaxşı əks-hücumlarda oyundankənar vəziyyətə düşdük. Ümumiyyətlə, komandanın oyunundan razı qaldım.
Vlahoviç çox yaxşı oyun keçirdi. Albiol kimi müdafiəçi ilə qarşılaşmaq heç vaxt asan olmur. "Vilyarreal" oyunçuları təcrübəli və texnikalıdır. Təbii ki, 3:0 hesabı ilə qalib gəlmək istəyirdik, amma burada bunu etmək asan deyil. İkinci hissədə pressinqimiz bir qədər zəif idi və "Vilyarreal" bizə bunun əvəzini ödəməyə məcbur etdi.
İroniya odur ki, oyuna rahat nəzarət etdiyimiz anda qol buraxdıq. Sonra isə yorğunluq oldu deyə çətinliklər yarandı. Buraxılan qol elə inanılmaz oldu ki, hətta "Vilyarreal" da onlara belə hədiyyə verdiyimizə inana bilmirdi. Hələ heç nə həll olunmayıb, amma mən öz komandama güvənirəm. Çünki cavab oyununa kimi vacib oyunçularımız sıralarımıza geri dönəcək”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 17 mart tarixində keçiriləcək.
Röya