Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Məhəmmədxan Məhəmmədov polşalı Zbiqnev Baranovski ilə qarşılaşıb.
Rəqibinə 6:4 hesabı ilə qalib gələn Məhəmmədov adını finala yazdırıb. O, qızıl medal uğrunda qarşılaşmada Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan 5 sərbəst sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb. Məhəmmədovla yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) qızıl medal uğrunda mübarizə aparacaq. Zirəddin Bayramov (70 kq) isə "bürünc" görüşünə çıxacaq. Medal görüşləri sabah - martın 29-da baş tutacaq.
*** 21:02
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 79 kq-da çıxış edən Əşrəf Aşırov gürcüstanlı Vladimeri Qamkrelidze ilə üz-üzə gəlib.
Rəqibinə 13:7 hesabı ilə qalib gələn 20 yaşlı idmançımız adını finala yazdırıb.
Xatırladaq ki, bundan əvvəl yarımfinalda mübarizə aparan pəhləvanlarımızdan Əliabbas Rzazadə və Hacı Əliyev finala yüksəlib, Zirəddin Bayramov isə məğlub olub. Daha bir sərbəst güləşçimiz bir qədər sonra finala vəsiqə uğrunda görüşə çıxacaq. 97 kq-da yer alan Məhəmmədxan Məhəmmədov polşalı Zbiqnev Baranovski ilə üz-üzə gələcək.
***
Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 70 kq-da yer alan 20 yaşlı idmançı gürcüstanlı Zurabi Yakobişvili ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma təmsilçimizin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Bayramov sabah bürünc medal uğrunda güləşəcək.
Xatırladaq ki, bundan əvvəl yarımfinalda mübarizə aparan pəhləvanlarımız Əliabbas Rzazadə və Hacı Əliyev finala yüksəlib. Daha iki sərbəst güləşçimiz isə bir qədər sonra finala vəsiqə uğrunda görüşə çıxacaq. Əşrəf Aşırov (79 kq) Vladimeri Qamkrelidze (Gürcüstan) ilə, Məhəmmədxan Məhəmmədov (97 kq) Zbiqnev Baranovski (Polşa) ilə üz-üzə gələcək.
*** 20:30
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 65 kq-da çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat dünya və 3 qat Avropa çempionu karyerasında dördüncü dəfə qitə çempionatının finalına vəsiqə qazanıb. O, qızıl medal uğrunda Macarıstan təmsilçisi İsmail Musukayevlə üz-üzə gələcək.
*** 20:23
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində rəqib gürcüstanlı Beka Bujiaşvili olub.
1 dəqiqə 15 saniyə ərzində tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə adını finala yazdırıb. Onun həlledici qarşılaşmadakı rəqibi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olacaq.
*** 16:13
Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə ardıcıl olaraq Levan Metreveli (İspaniya) və Mikyay Salim Naimi (Bolqarıstan) məğlub edib.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançı bu mərhələdə Munir Aktaşı (Türkiyə) yenib.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda Daniel Antalı (Macarıstan), daha sonra Fati Veyseli (Şimali Makedoniya), Əşrəf Aşırov (79 kq) isə Miroslav Kirov (Bolqarıstan) ilə Arman Avaqyanı (Ermənistan) məğlubiyyətə uğradaraq yarımfinala adlayıb.
97 kq-dakı Məhəmmədxan Məhəmmədov ilk görüşündə Lukas Krasauskasdan (Litva), ardınca Elizbar Odikadzedən (Gürcüstan) güclü olub.
Əliabbas yarımfinalda Beka Bujiaşvili (Gürcüstan), Hacı Maksim Sakultan (Moldova), Zirəddin Zurabi Yakubişvili (Gürcüstan), Əşrəf Vladimer Qamkrelidze (Gürcüstan), Məhəmmədxan isə Zbiqniev Baranovski (Polşa) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
***
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə beş çəkidə mübarizə baş tutacaq.
Azərbaycan təmsilçilərindən 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gələcək.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) - Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda macarıstanlı Daniel Antalın müqavimətini qırmağa çalışacaq. Əşrəf Aşırov (79 kq) eyni mərhələdə bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək.
Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Yarımfinallara 20:00-da start veriləcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.