Bu gün Çempionlar Liqası üçün yeni kvalifikasiya modeli Avropa Futbol Klublarının Assosiasiyasına təqdim edilib.
Fanat.Az “The Athletic”ə istinadən xəbər verir ki, ÇL-də iki yer klubların tarixi uğurlarına görə bölünəcək.
Bu, futbolda əvvəllər heç vaxt görülməmiş bir idman presedenti olacaq.
Bundan başqa, 2024/2025 mövsümündən Çempionlar Liqası İsveçrə modeli adlanan sistemlə keçiriləcək. Yeni sistem təsdiqləndikdən sonra hazırda final mərhələsində çıxış edən 32 komandaya daha 4-ü əlavə olacaq və beləliklə, iştirakçı sayı 36-ya çatacaq. Cədvəl liqa modelinə uyğun formalaşacaq və bu, hər komandaya ən azı 10 oyun keçirməyə imkan verəcək.
Yeni dörd yerdən ikisi klubların tarixi uğurlarına əsasən ayrılacaq. Ancaq öz çempionatlarını Çempionlar Liqasına aparan yerlərə yaxın bitirənlərə üstünlük veriləcək. Çempionlar Liqasına gedən və son beş ildə ən yaxşı Avropa əmsalı olan iki komanda Çempionlar Liqasının qrup mərhələsində birbaşa yerləşəcək.
Bütün bu dəyişikliklər aprel ayında müzakirə olunacaq və may ayında rəsmi təsdiqlənməlidir.