"Qarabağ" Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"ini 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında iştirak edən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
"Hamını qələbə münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə oldu. Bu cür qalibiyyətlər nadir hallarda olur. Sadəcə, hər şey istədiyimiz kimi alındı. Futbolçular çox istəkli idilər. İlk saniyələrdə qol buraxsaq da, sınmadıq. Oyun intizamını saxladıq. Çox yaxşı komandaya qalib gəldik. Fərqli, sürətli oyunçuları var. Yaxşı əks-hücuma çıxırdılar. Bu, bir başlanğıcdır. İlk oyundan sonra hamı Polşa azarkeşlərindən danışırdı. Bu gün gördük ki, bizim fanatlarımız onlardan üstündür. Dünən dedim ki, 10 milyon bizim arxamızdadır. Bu gün də bunun şahidi olduq".
50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib: "Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm".
Qurbanovun sözlərinə görə, qarşıda komandasını daha ciddi sınaqlar gözləyir: "Yerimizdə dayanmalı deyilik. Daha ciddi, məsuliyyətli olmalıyıq. Futbolçuların mübarizəsi alqışalayiqdir".
O, rəqib komandanın baş məşqçisi Con Van den Bromun hakim səhvləri ilə bağlı fikirlərinə də toxunub: "Hakimliklə bağlı danışılası əlavə nəsə yoxdur. Bizə qarşı da haqsızlıqlar olub. Bu cür fikir bildirməsi normaldır. Məğlub olanda belə şeylər baş verir. Onlara da uğurlar arzu edirəm".
Mütəxəssis hər bir jurnalistə öz yaxını kimi baxdığını vurğulayıb: "Biri tənqid edir, biri tərifləyir. Onlar yenə də komandamın arxasındadır. Bu cür şeyləri normal qarşılayıram. Elçin müəlimin (Elçin Rəhmanov - red.) kövrəlməsi normaldır. Məndə də olur. Ümumiyyətlə, bu, futbola bağlı hər kəsdə baş verə bilər".
Qurbanov Kadi Borgesi yersiz sarı vərəqə aldığı üçün əvvəl danladığını, sonra isə bağışladığını söyləyib: "Belə şeylərə çox həssas yanaşıram. Heç nədən sarı vərəqə almağı oyunçuya yaraşdırmıram. Buna görə hirsləndim. Amma eşidəndə ki, birinci "sarı"sıdır, fasilədə həm danladım, həm də bağışladım (gülür)".