17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə keçirilən "İnkişaf turniri" çərçivəsində İranla oyun haqda fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, o, matç barədə belə danışıb:
“Düzünü desəm, qələbədən sonra danışmağa adət etmədiyimi zarafatca söyləmişəm. Hər oyuna qələbə üçün çıxırıq. Düzdür, ötən il də bu, heç alınmırdı. Başa düşürəm ki, futbolçularımız çalışır, inkişaf edirlər. Biz yeni heyət yığırıq ki, yeni oyunçulara baxaq. Futbolçulara bu matçda qələbə ilə sevindirdkləri üçün təşəkkür edirəm. Ötən il özümüzdən bir yaş böyüklərlə oynayırdıq. Bu dəfə həmyaşıdlarımızla mübarizə aparırdıq. Buna görə də meydanda döyüşmək, hər şeyini qoymaq istəyirsən. Gənc oyunçulardır, buna görə də meydanda emosiyalar çox olur. Əsas mənfi məqam odur ki, oyunun sonluğunda bir az yorulduq. Hər gün oynamaq çətindir. Dünən də oynadıq, bu gün də. Bərpa da tam alınmır. Çünki heç 24 saat keçməyib. Buna baxmayaraq 100 faiz güclərini qoyduqları üçün futbolçulara təşəkkür edirəm”.
Qeyd edək ki, millimiz İrana 1:0 hesabı ilə qalib gəlib.