Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqanın son turunda komandasına qələbə qazandırdığı “Kayzerslautern”lə görüşü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı forvardın dediklərini "Bild" nəşri belə çatdırıb:
"Uzun müddətdən sonra ilk dəfə start heyətdə yer aldım. Bu, mənim üçün xüsusi önəm kəsb edirdi. Komanda yoldaşlarıma kömək etməkdən həzz alırdım.
Çətin oyun olacağını bilirdik. Hər kəs Kayzerslauterndəki azarkeşlərin təzyiq göstərəcəyini söyləyirdi. Amma taktiki və mental olaraq yaxşı hazırlaşmışdıq.
Ümid edirəm ki, bu oyun bizə qarşıdakı oyunlar üçün daha çox inam verəcək. Psixoloji hazır olsaq, bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur".
Qeyd edək ki, ötən ilin avqustundan "Nürnberq"də çıxış edən Mahir Emreli II Bundesliqa klubunun heyətində meydana çıxdığı 20 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.