On bir aprel tarixində keçirilən AFFA Hesabat Konfransından dərhal sonra baş tutan İcraiyyə Komitəsinin toplantısında bir sıra məsələlərə baxılmışdı. Müzakirə olunanlar sırasında BFF İB-nin prezidenti Tahir Süleymanovun müraciəti də var idi. "İnkişaf Strategiyası"na uyğun olaraq, müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılmışdı.
Məsələ ilə bağlı beynəlxalq dərəcəli hakim Tahir Süleymanovla əlaqə saxlayıb müraciətə baxılması və sonrakı proseslə bağlı münasibətini öyrəndik:
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"AFFA İcraiyyə Komitəsindəki müzakirələrdən, qeyd olunan məsələlərə baxılmasından sonra baş katib Cahangir Fərəcullayevin dəvəti ilə federasiyada görüşümüz oldu. Görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Bununla belə, mövcud durum, "İnkişaf Strategiyası", assosiasiyanın nizamnaməsi, strukturu, infrastruktur, uşaq-gənclər futbolunda olan acınacaqlı vəziyyət, bacarıqlı yerli kadr potensialına inam və əməli dəstəklə prosesə cəlb edilməsi, əcnəbi mütəxəssislərin, ehtiyac olduqda, ancaq konkret sahələr üzrə dəvət olunması, düzgün proqnozlaşdırma, minimumdan maksimumun əldə edilməsi yolunda maliyyə imkanlarından səmərəli yararlanmaq, ictimaiyyətlə sıx əlaqələrin qurulması, ümumilikdə, vəziyyətdən çıxış yolları və digər məqamları müzakirə etdik. Detallara təfsilatı ilə varmaq istəmirəm, gələcəkdə nəyin necə baş verəcəyini, problemlərə hansı istiqamətdə yanaşılacağını, nəticələrin necə olacağını, hansı qərarların veriləcəyini zaman göstərəcək".