ABŞ prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq işlərinə nəzarət üçün iki nəfər təyin edib.
Fanat.Az xəbər verir ki, bu barədə o, "Truth Social" şəbəkə hesabı üzərindən paylaşım edərək məlumat yayıb.
İşçi qrupun sədri vəzifəsinə Trampın keçmiş vəkili Rudi Culianinin oğlu Endryü Culiani təyin edilib. Ona baş məsləhətçi kimi Karlos Kordeyro kömək edəcək.
Endryü Trampın ilk prezidentliyi dövründə onun xüsusi köməkçisi və İctimaiyyətlə Əlaqələr İdarəsinin direktor müavini vəzifələrində çalışıb. Karlos isə FİFA-nın baş məsləhətçisidir və əvvəllər ABŞ Futbol Federasiyasının prezidenti olub.
Dünya çempionatı 2026-cı ilin iyununda başlayacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Yarışın seçmə oyunları isə 2025-ci ilin martında başlayacaq və noyabrda başa çatacaq. Azərbaycan millisi D qrupunda yer alıb. Millimizin rəqibləri Fransa, İslandiya və Ukrayna olacaq.
Mirağa