Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Latviya ilə sabah baş tutacaq yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini belə bölüşüb:
“Təlim-məşq toplanışının əvvəlindən futbolçular özlərini çox yaxşı tərəfdən göstərirlər. Onlardan nələr tələb etdiyimi başa düşürlər. “Qarabağ” və “Sabah”ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik. Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq”.