“Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq III MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik”.
Fanat.Az xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandasına 2:1 hesabı ilə qalib gəldikləri ikinci yoxlama oyunundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
O, komandasının nəticələrini müsbət dəyərləndirib: “İlk növbədə, komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçımızı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir. Futbolçunun bərpası çox önəmlidir. Orqanizmindən asılı olaraq, 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq. Məni narahat edən yeganə məqam hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilməməyimiz və sadə vəziyyətlərdən qollar buraxmağımız oldu. Bunların üzərində çox çalışmaq lazımdır. Bu kollektivdən bir neçə futbolçunu U-17 milliyə də dəvət edirik”.
Baş məşqçi komandasının 3:2 hesablı qələbə qazandığı ilk oyunla müqayisədə ikinci qarşılaşmanı daha yaxşı keçirdiyini söyləyib: “Birinci oyunu təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki matçda topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram”.
Nəbiyev 28 sentyabr - 8 oktyabrda Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millisinin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb: “Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır”.