Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Karvan" II Liqada mübarizə aparan "Dinamo" ilə əməkdaşlığa başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi iki komandasını bakılıların müvafiq yaş qruplarından ibarət kollektivlərinin hesabına formalaşdıracaq.
"Dinamo"nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidov saytımıza açıqlamasında xəbəri təsdiqləməklə yanaşı, əməkdaşlığın formatını belə izah edib:
"Bəli, "Karvan"la əməkdaşlıq barədə razılığa gəlmişik. U-17 və U-19 komandalarımız müvafiq liqalarda onları təmsil edəcək. "Karvan"ın gənc oyunçuları da bizim komandalara cəlb olunacaq. Detallar bir müddət sonra ətraflı müzakirə olunacaq. Hələlik əməkdaşlıq barədə sadəcə razılaşma əldə olunub".
Qeyd edək ki, "Karvan" son mövsümdə I Liqanı 3-cü, "Dinamo" isə II Liqanı 6-cı yerdə başa vurub.
Mirağa