Bir neçə gün əvvəl “Araz-Naxçıvan”la müqavilə imzalayan Patrik Andrade artıq Bakıdadır.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin yeni transferi bu gün komandanın səhər məşqində iştirak edib.
Klubunun mətbuat xidmətinə danışan Kabo-Verde millisinin üzvü təəssüratlarını bölüşüb:
“İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə “Araz-Naxçıvan”a təşəkkür edirəm. Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. Həm mənim, həm də komandam üçün də yaxşı keçid olduğunu düşünürəm. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.
O, seçim edərkən dostunun məsləhətinə üstünlük verdiyini də dilə gətirib: “Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.
Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da qısa fikir bildirib: “Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.