Maliyyə yetərsizliyi səbəbindən futbol akademiyasının fəaliyyətini müvəqqəti dayandıran "Qəbələ"yə Bakı komandalarından biri maraqlı təklif göndərib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, paytaxtda fəaliyyət göstərən futbol məktəblərindən biri "Qəbələ" adı altında komanda yaradaraq aşağı yaşlıların yarışına qatılmaq istəməsi barədə bölgə klubuna təklif ünvanlayıb.
Bu barədə saytımıza açıqlama verən “Zirvə” və “Təhsil” komandalarının məşqçisi Azər Cabbarov belə deyib:
"Bəli, indiki məqamda bu, "Qəbələ"yə də dəstək olar. Onlara təklifimizi ünvanlamışıq. Bizim 8-14 yaş kateqoriyasında uşaqlarımız çoxdur, çempionatda iki komanda ilə çıxış edirik. Təklif etdik ki, daha bir komanda yaradıb "Qəbələ"nin adından yarışa buraxaq. Müzakirə edib qərar verəcəklər. Kaş imkan olaydı, akademiyanın uşaqlarını Bakıya gətirib heyətimizə cəlb edəydik. Amma buna imkan yoxdur. Təklif etdiyimiz variantda qazanan həm də Azərbaycan futbolu olar".
Cabbarov "Qəbələ" Futbol Akademiyasının fəaliyyətini dayandırmasına görə çox üzüldüyünü də deyib: "Bu duruma üzülməmək mümkün deyil. Gör oradan kimlər çıxıb: Bəhlul Mustafazadə, Elvin Camalov, Amin Seydiyev, Fərid və Yusif Nəbiyev qardaşları... Siyahını uzatmaq olar. Nəyin bahasına olsa da, o akademiya yaşamalıdır. "Bakı"dan sonra "Qəbələ"ni də itirsək, Azərbaycanın uşaq futboluna zərbə olacaq".
Mirağa