“Sumqayıt” futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda əsas komandanın yeni baş məşqçisi Saşa İliç şura üzvlərinə təqdim olunub.
UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb.
İclasda Müşahidə Şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib.
O bildirib ki, "Sumqayıt" klubu olaraq daim Sumqayıt şəhəri və şəhər sakinlərinin dəstəyini hiss edirlər. E.Məmmədli hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əllərindən gələni edəcəklərini vurğulayıb.
Daha sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib.
Etimada görə təşəkkürünü bildirən yeni baş məşqçi Saşa İliç komandanın Sumqayıt şəhərinin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını vurğulayıb.
Saşa İliç daha sonra isə “Sumqayıt”ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq bazası ilə tanış olub.