Sabah Azərbaycan komandaları üçün yeni avrokubok mövsümü başlayacaq. Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Sabah" iyulun 10-da birinci təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın "Sele" komandası ilə üz-üzə gələcək. Sloveniyalılarla Bakıda üz-üzə gələcək Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.
AFFA Məşqçilər Komitəsinin sədri və Azərbaycan millisinin sabiq çalışdırıcısı Vaqif Sadıqovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.
Sadıqovun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah"dan gözləntilərimiz böyükdür. Başlıcası ona görə ki, bu tsikldə mübarizəmizə məhz onlar başlayacaq. Sərfəli nəticə əldə etməklə digər təmsilçilərimiz üçün də stimul yarada bilərlər.
"Sabah"da yeni baş məşqçi təyinatı reallaşıb. Görünən odur ki, Valdas Dambrauskas ciddi dəyişikliklərə ehtiyac duymur. Əslində belə məqamda sırf dəyişiklik olsun deyə, "evi söküb yenidən tikməyə" ehtiyac yoxdur. Baş məşqçi "nöqtə transfer"lərlə komandanı gücləndirməyə, öz dəst-xəttini qurmağa çalışır.
Sloveniya komandası ilə görüşdə nəticə önəmlidir. İnanıram ki, "Sabah" doğma meydanda bunu bacararaq azarkeşlərini sevindirəcək".
Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də səfərdə keçirəcək.
Mirağa