UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la üz-üzə gələcək "Selye" komandasının baş məşqçisi Albert Riyera Sloveniyada mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunla bağlı belə danışıb:
"Bakıda keçiriləcək ilk matç hər şeyi həll etmir. Növbəti matç Selyedədir. Təbii ki, yaxşı oyun göstərmək istəyirik. Klub üçün ən vacib dövr elə başlanğıcdadır. Bu ilk ay həlledici olacaq, çünki biz yenidən Avropa yarışlarının qrup mərhələsində oynamaq istəyirik. Bu üç həftə ərzində oyun üslubumuzun mümkün qədər tez təkmilləşməsinə diqqət yetirmişəm. Avropada oynamaq istəyirsinizsə, fərqli rəqibləri məğlub etməlisiniz. Ötən mövsümlə müqayisədə start heyəti yaxşılaşdırmaq bizim üçün çətin olacaq, amma məqsədim komandanı təkmilləşdirməkdir. Sistemimizdə özünü sübut edə biləcək oyunçular axtarırdıq və düşünürəm ki, buna nail olduq. Məqsədlərimizdən biri oyunçuların ümumi sayını azaltmaq, eyni zamanda daha geniş rotasiyaya sahib olmaq idi. İndiki oyunçularımla fərqli taktiki seçimlərim var. Komandamız hazırdır".
Qeyd edək ki, "Sabah" "Sele" ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.