Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində işlər görür.
Fanat.Az xəbər verir ki, son illərin dəyişməz çempionu 6 futzalçı ilə anlaşıb.
Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək. Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da “Araz-Naxçıvan”a pənah gətirib.
Bundan başqa, Naxçıvan təmsilçisi iki əcnəbi ilə də anlaşıb. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə hücum xəttindəki boşluğa aradan qaldırmalıdır.
Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.